Bugun.tv xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti – Federal Təhlükəsizlik Xidməti Leninqrad vilayətində yerləşən Ust-Luqa limanında Belçikadan gələn qaz tankerinə qarşı hazırlanan terror aktının qarşısının alındığını açıqlayıb.
Məlumata görə, Belçikanın Antverpen limanından yola çıxan və Türkiyənin Samsun limanına getməsi planlaşdırılan “Arrhenius” adlı qaz daşıyıcı tanker Ust-Luqa limanına daxil olduqdan sonra yoxlamaya cəlb edilib.
Bildirilib ki, dalğıclar gəminin mühərrik bölməsinə yaxın hissəsində maqnitlə bərkidilmiş partlayıcı qurğular aşkar ediblər. Daha sonra sualtı dron vasitəsilə aparılan araşdırma zamanı həmin qurğuların dəniz maqnit minaları tipində hazırlandığı müəyyən edilib.
FSB-nin məlumatına əsasən, hər bir partlayıcı qurğuda təxminən 7 kiloqram plastik partlayıcı maddə olub. Qeyd olunub ki, istifadə edilən komponentlərin NATO ölkələrindən birində istehsal olunduğu ehtimal edilir.
Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, ilkin araşdırmalar partlayıcıların Rusiya ərazi sularında yerləşdirilmədiyini göstərir.
İstintaq zamanı gəmi kapitanı bildirib ki, tanker Belçikada yük boşaltmazdan əvvəl liman işçilərinin tətili səbəbindən təxminən bir gün yarım lövbərdə saxlanılıb.
Faktla bağlı “terror aktına cəhd” və “partlayıcı maddələrin qanunsuz dövriyyəsi” maddələri üzrə cinayət işi açılıb. Hazırda hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Ust-Luqa liman rəhbərliyi gəminin heyət üzvlərinin hazırda gəmidə olduğunu və yük əməliyyatlarına başlamağa hazır vəziyyətdə olduqlarını açıqlayıb.
Mənbə: TASS
