Bugun.tv xəbər verir ki, alimlər James Webb Kosmik Teleskopu vasitəsilə kainatın ilkin dövrlərinə aid qeyri-adi superkütləli qara dəlik aşkar ediblər. Məlumata görə, Böyük Partlayışdan cəmi 700 milyon il sonraya aid olan bu obyekt astrofizika qaydalarını sarsıdan xüsusiyyətləri ilə diqqət çəkir.
“Abell2744-QSO1” adlı obyektin təxminən 50 milyon Günəş kütləsinə sahib olduğu müəyyən edilib. Alimləri ən çox təəccübləndirən məqam isə qara dəliyin yerləşdiyi qalaktikanın ümumi kütləsinin böyük hissəsini təkbaşına təşkil etməsidir.
Araşdırma zamanı “Pandoranın Klasteri” kimi tanınan nəhəng qalaktika toplusunun yaratdığı cazibə linzalanması effekti sayəsində obyekt detallı şəkildə müşahidə olunub. Tədqiqatçılar bildirirlər ki, bu kəşf qara dəliklərin yaranması ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, kainatın ilk böyük strukturları qalaktikalardan əvvəl məhz superkütləli qara dəliklər olmuş ola bilər.
Mənbə: TRT Haber
