İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ı danışıqlar prosesini ləngitməkdə ittiham edib.
Diplomat bildirib ki, Vaşinqtonun mövqeyini tez-tez dəyişməsi, yeni tələblər irəli sürməsi və ziddiyyətli mesajlar verməsi danışıqların gedişinə mənfi təsir göstərir.
“Qarşı tərəf daim fikirlərini dəyişdikdə, yeni və ya ziddiyyətli tələblər irəli sürdükdə və media vasitəsilə müxtəlif ziddiyyətli mesajlar göndərdikdə, bu, təbii ki, danışıqlar prosesində gecikmələrə səbəb olur”, – deyə İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranın ABŞ-a qarşı etimadsızlığı əvvəldən mövcud olub və hazırda tərəflər arasında mesaj mübadiləsi də bu şəraitdə aparılır. Bəqayi qeyd edib ki, Vaşinqtonun ziddiyyətli bəyanatları danışıqlar taktikasının bir hissəsi ola bilər, lakin bunun İranla münasibətlərdə nəticə verməyəcəyini düşünür.
Bu arada, “The New York Times” qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla mümkün razılaşma üçün daha sərt şərtlər hazırladığını və həmin şərtlərin Tehran tərəfinə təqdim edildiyini yazıb.
Məlumata görə, regionda gərginlik fonunda hərbi qarşıdurma elementləri də müşahidə olunur. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilib ki, ABŞ qüvvələri həftəsonu İran ərazisində yerləşən radar stansiyası və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə zərbələr endirib.
İran Silahlı Qüvvələri isə buna cavab olaraq gecə saatlarında hücumun həyata keçirildiyi hərbi bazaya zərbə endirdiklərini açıqlayıb.
Beləliklə, diplomatik danışıqların davam etdiyi bir vaxtda tərəflər arasında qarşılıqlı ittihamlar və hərbi gərginlik də diqqət çəkməyə davam edir.
Mənbə: TASS
