Bugun.tv xəbər verir ki, ABŞ-ın NVIDIA şirkəti süni intellekt dəstəkli fərdi kompüterlər üçün hazırladığı yeni nəsil RTX Spark çipini təqdim edib.
Şirkətin baş icraçı direktoru Jensen Huang Tayvanın paytaxtı Taipei şəhərində keçirilən Computex texnologiya sərgisi çərçivəsində çıxışı zamanı bildirib ki, yeni çip kompüterlərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Onun sözlərinə görə, bu dəyişiklik mobil telefonların smartfonlara çevrilməsi qədər mühüm texnoloji mərhələ hesab olunur.
Nvidia-nın açıqlamasına əsasən, RTX Spark fərdi süni intellekt köməkçiləri dövrü üçün nəzərdə tutulmuş yeni superçipdir. Çipdən istifadə edilən kompüterlərin Lenovo, HP, Dell, Microsoft Surface, ASUS və MSI tərəfindən istehsal ediləcəyi bildirilir. Yeni cihazların bu ilin payız aylarında satışa çıxarılması planlaşdırılır.
Mütəxəssislər hesab edirlər ki, Nvidia-nın bu addımı şirkətin fərdi kompüter bazarında Apple və Intel kimi nəhəng rəqiblərlə rəqabətini daha da gücləndirəcək.
Digər tərəfdən, ABŞ administrasiyası Çinin qabaqcıl süni intellekt texnologiyalarına çıxışını məhdudlaşdırmaq məqsədilə yeni ixrac qaydaları tətbiq edib. Yeni qərara əsasən, Nvidia-nın ən müasir süni intellekt çiplərinin Çin şirkətlərinə və onların xaricdəki filiallarına ixracı üçün xüsusi lisenziya tələb olunacaq.
Mənbə: İLKHA
