Bugun.tv xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il Dünya Kubokunun açılış günü ilə eyni tarixdə yeni futbol simulyasiyası oyununu istifadəyə verəcəyini açıqlayıb. “FIFA World Cup: Launch Edition” adlanan oyun 11 iyun 2026-cı ildə təqdim olunacaq və istifadəçilər üçün tamamilə pulsuz olacaq.
Məlumata görə, FIFA bu addımı uzun illər əməkdaşlıq etdiyi oyun istehsalçısı EA Sports ilə yollarını ayırdıqdan sonra atdığı ən böyük rəqəmsal təşəbbüslərdən biri kimi qiymətləndirir. Yeni oyun ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi, 48 komandanın iştirak edəcəyi tarixdəki ən böyük Dünya Kuboku turnirinə həsr olunub.
Layihə məşhur yayım platforması Netflix ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Delphi Interactive tərəfindən inkişaf etdirilən oyuna Netflix abunəçiləri əlavə ödəniş etmədən çıxış əldə edə biləcəklər.
Oyunun əsas xüsusiyyətlərindən biri bulud texnologiyası əsasında işləməsidir.
Belə ki, istifadəçilərin bahalı oyun konsollarına və ya yüksək texniki göstəricilərə malik kompüterlərə ehtiyacı olmayacaq. Ağıllı televiziya və ya kompüter ekranı oyun meydançası funksiyasını yerinə yetirəcək, smartfon isə oyun idarəetmə cihazına çevriləcək. İstifadəçilər ekranda görünən QR kodu telefon vasitəsilə skan edərək bir neçə saniyə ərzində oyuna qoşula biləcəklər.
“FIFA World Cup: Launch Edition” oyununda Dünya Kuboku 2026-ya vəsiqə qazanan bütün 48 milli komanda yer alacaq. Həmçinin turnirin keçiriləcəyi Şimali Amerikadakı 16 rəsmi stadion və 1200-dən çox futbolçu lisenziyalı məlumatlarla oyuna daxil ediləcək.
Bundan əlavə, oyun eyni ekran üzərində dörd nəfərə qədər multiplayer rejimində oynamaq imkanı təqdim edəcək. FIFA hesab edir ki, yeni layihə futbol azarkeşlərinə Dünya Kuboku atmosferini rəqəmsal mühitdə daha yaxından hiss etməyə imkan verəcək.
Mənbə: Ensonhaber
