Maraqlı faktlar

“Sendviç nəsli” fenomeni: Həm övladlarına, həm də valideynlərinə qayğı göstərənlərin sayı artır

Bugun.tv – xəbər verir ki, dünyada “sendviç nəsli” adlandırılan insanların sayı getdikcə artır.

Bu termin eyni vaxtda həm böyüyən övladlarına, həm də yaşlı valideynlərinə qayğı göstərmək məcburiyyətində qalan orta yaşlı insanları ifadə edir.

Mütəxəssislərin məlumatına görə, “sendviç nəsli” anlayışı ilk dəfə 1981-ci ildə sosial işçi Doroti Miller tərəfindən istifadə olunub. Termin əsasən 45-65 yaş arasında olan şəxslərə aid edilsə də, son illərdə daha gənc yaş qruplarını da əhatə etməyə başlayıb.

Araşdırmalara görə, orta ömür uzunluğunun artması, insanların daha gec ailə qurması və övlad sahibi olması, həmçinin gənclərin valideyn evindən daha gec ayrılması bu fenomenin yayılmasına səbəb olub. Əvvəllər ailələrdə bir neçə övlad valideyn qayğısını bölüşdürə bildiyi halda, indi bu məsuliyyət çox vaxt tək bir şəxsin üzərinə düşür.

Ekspertlər bildirirlər ki, “sendviç nəsli” nümayəndələri yaşlı valideynlərin gündəlik ehtiyaclarını qarşılamaqla yanaşı, övladlarının təhsili, maliyyə təminatı və emosional dəstəyi ilə də məşğul olurlar. Bu isə onların üzərində ciddi psixoloji və fiziki yük yaradır.

Psixoloq Larisa Surkovanın sözlərinə görə, bəzi insanlar yaxınlarına qayğı göstərməyi həyatlarının mənası hesab etsələr də, digərləri bu məsuliyyətlərin ağırlığı altında özlərini tükənmiş hiss edirlər. Onun fikrincə, şəxsi həyata və istirahətə vaxt ayıra bilməmək depressiya, tənhalıq hissi və emosional yorğunluq riskini artırır.

Araşdırmalar göstərir ki, “sendviç sindromu” yaşayan şəxslər arasında stress, narahatlıq və depressiya halları daha çox müşahidə olunur. Bəzi tədqiqatlarda bu qrupun intihar düşüncələrinə daha çox meyilli olduğu da qeyd edilir. Eyni zamanda onlar xroniki xəstəliklərdən əziyyət çəkməyə və iş həyatında çətinliklərlə üzləşməyə daha çox meyllidirlər.

Mütəxəssislər belə vəziyyətdə olan insanlara psixoloji dəstək almağı, şəxsi ehtiyaclarını unutmağı deyil, özlərinə də vaxt ayırmağı tövsiyə edirlər. Onların fikrincə, insanın öz rifahını qoruması həm valideynlərinə, həm də övladlarına daha yaxşı qayğı göstərməsinə imkan yaradır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Stress zamanı niyə bəziləri çox yeyir, bəziləri isə iştahasını itirir?

Aynur Camal

Qadın arılar və mum onların davranışını dəyişir

Aynur Camal

Gizli incilərindən biri: El Hierro adası turist axınından uzaq qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu