Bugun.tv xəbər verir ki, İtaliyanın Sardiniya adasında yerləşən məşhur Punta Molentis çimərliyində 10-65 yaş arası şəxslərin çimərlik çətiri qurmasına qadağa qoyulub.
Yerli hakimiyyət orqanları qərarın təhlükəsizlik məqsədilə qəbul edildiyini bildiriblər. Yeni qaydalara əsasən, yalnız 10 yaşadək uşaqları olan ailələr və 65 yaşdan yuxarı şəxslər bir ədəd böyük çətirdən istifadə edə biləcəklər. Digər ziyarətçilərin isə çətir, çardaq, çadır və ya hər hansı kölgəlik qurğusu quraşdırmasına icazə verilməyəcək.
Bundan əlavə, iyunun 5-dən oktyabrın sonunadək çimərliyə giriş ödənişli olacaq. Ziyarətçilər 10 avro ödəməli olacaqlar. Əlilliyi olan şəxslər və onları müşayiət edənlər ödənişdən azad ediliblər.
Qərar sosial şəbəkələrdə və yerli sakinlər arasında ciddi narazılıqla qarşılanıb. Bir çoxları yay istisində günəşdən qorunma imkanlarının məhdudlaşdırılmasını tənqid edib.
Villasimius bələdiyyəsinin nümayəndələri isə bildiriblər ki, qadağa ötən il bölgədə baş verən yanğın hadisəsindən sonra tətbiq olunub. Həmin vaxt sahildə çox sayda çətirin quraşdırılması insanların təxliyəsini çətinləşdirib və bəzi şəxslərin qayıqlarla ərazidən çıxarılmasına ehtiyac yaranıb.
Qeyd edək ki, İtaliyada son illərdə çimərliklərlə bağlı müxtəlif qeyri-adi qaydalar tətbiq olunur. Sardiniyanın bəzi sahillərində qumun aparılmasına görə minlərlə avro cərimə nəzərdə tutulur, bəzi çimərliklərdə isə sıxlığın qarşısını almaq üçün əvvəlcədən rezervasiya sistemi tətbiq edilir.
Mənbə: CNN
