Bugun.tv xəbər verir ki, “Mədəniyyət Körpüləri Beynəlxalq Yaradıcılıq Platforması”nın ilk rəsmi görüşü baş tutub.
Tədbir World Business Center-də təşkil olunub və gənclərin yaradıcılıq potensialının inkişafına, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə həsr edilib.
İZ Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan layihənin ilk qonağı İsraildə fəaliyyət göstərən 25 yaşlı gənc müğənni Leyla Valayeva olub.

Tədbirdə çıxış edən layihə rəhbəri Fəridə Mirişova bu təşəbbüsün məqsədinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı və digər xalqlara mənsub gənc istedadları bir araya gətirmək, onların yaradıcılıq imkanlarını genişləndirmək olduğunu bildirib.
Görüş çərçivəsində Leyla Valayeva musiqi nömrələri ilə çıxış edib. O, həmçinin Azərbaycan mahnılarını ifa edərək tədbir iştirakçılarına xüsusi anlar yaşadıb. Onun ifaları maraqla qarşılanıb.
Qeyd edək ki, 25 yaşlı müğənni Leyla Valayevanın yaradıcılıq fəaliyyəti Azərbaycan və İsrail arasında musiqi vasitəsilə mədəni dialoqun təşviqinə yönəlib. İsraildə doğulub böyüyən gənc ifaçı yaradıcılığında Azərbaycan və yəhudi musiqi mədəniyyətlərinin vəhdətini əks etdirməyə çalışır.

Azərbaycan dilində ifasını və Azərbaycan musiqi üslubunu daha da təkmilləşdirmək məqsədilə Leyla Valayeva musiqi müəllimi və bəstəkar Fəridə Mirişova ilə çalışır. Hazırda onlar birlikdə Azərbaycan–İsrail dostluğuna həsr olunmuş yeni musiqi layihələri üzərində işləyirlər.
Müğənni İsraildə fəaliyyət göstərən Azİz İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası və digər mədəni platformaların tədbirlərində iştirak edib, müxtəlif festivallarda, səfirlik və ictimai tədbirlərdə çıxış edib.
Leyla Valayeva İsrail mediasında da diqqət mərkəzində olub. O, Kan 11, C14, i24News və Reshet 13 televiziya kanallarında yayımlanan proqramlarda qonaq qismində iştirak edərək yaradıcılığı və Azərbaycan musiqisinə bağlılığı barədə müsahibələr verib.

Hazırda Leyla Valayeva musiqi fəaliyyətini beynəlxalq səviyyədə inkişaf etdirməyi, Azərbaycan musiqisini İsraildə daha geniş tanıtmağı və mədəniyyətlərarası dialoqa töhfə verməyi qarşısına məqsəd qoyub.
Tədbirdə mədəniyyətlərarası ünsiyyət, gənclərin sənətə inteqrasiyası və musiqinin birləşdirici gücü mövzularında fikir mübadiləsi aparılıb. Girişin sərbəst olduğu görüşə sənətsevərlər, media nümayəndələri və gənclər qatılıblar.
Təşkilatçılar bildiriblər ki, “Mədəniyyət Körpüləri” platforması gələcəkdə də müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirən silsilə tədbirlər keçirməyi planlaşdırır.


