Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanının İrs Qurumu Mədinə bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı İslamın ilk dövrlərinə aid mühüm tarixi tapıntıların aşkar edildiyini açıqlayıb. Araşdırmalar nəticəsində Quran ayələri həkk olunmuş daş yazılar da daxil olmaqla 1774 arxeoloji nümunə sənədləşdirilib.
Mədinənin Mehd bölgəsinə daxil olan Süveyrika, Muveyhiyə və Həzə ərazilərində aparılan işlər zamanı 156 yeni arxeoloji məkan qeydə alınıb. Tədqiqatçılar 461 islam yazısı, 34 Səmudi yazısı, 1259 qayaüstü təsvir, 11 daş tikili, 3 tarixi saray və bina qalıqları, 2 qədim karvan yolu və 4 quyu aşkar ediblər.
Tapıntılar arasında ən diqqətçəkən nümunələrdən biri Quran ayələrini əks etdirən qayaüstü yazılar və Həzrəti Ömər ibn Xəttabın adının yer aldığı erkən islam dövrünə aid kitabələrdir. Yazılardan birində “Allah Ömər bin Xəttabın bu dünyada və axirətdə dostudur. Allahdan başqa ilah yoxdur” sözlərinin həkk olunduğu bildirilib. Mütəxəssislərin məlumatına görə, kitabə hicazi xətti ilə yazılıb və müəllifi İbrahim adlı şəxs olub.
Araşdırmalar zamanı həmçinin “Allah sizə əmanətləri sahiblərinə qaytarmağı və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm etməyi əmr edir” məzmunlu Nisa surəsinin 58-ci ayəsinin yer aldığı yazılar da aşkar edilib. Alimlər bu tapıntıların Quran ayələrinin İslamın ən erkən dövrlərində yazılı şəkildə istifadə olunduğunu sübut edən mühüm faktlar olduğunu vurğulayırlar.
Səudiyyə Ərəbistanının İrs Qurumu bildirib ki, bu tapıntılar İslam dövlətinin ilk illərinə dair dini, mədəni və ictimai həyatın öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qurumun açıqlamasında qeyd olunub ki, Mehd bölgəsindəki hər daş və hər yazı İslam tarixinin ilk dövrlərindən günümüzə çatan mühüm bir hekayəni qoruyub saxlayır.
Mənbə: TrtHaber
