Bugun.tv xəbər verir ki, ABŞ-ın Boston şəhərində yerləşən biotexnologiya şirkəti Life Biosciences insanlarda qocalma prosesini geri çevirməyi hədəfləyən yeni gen terapiyasını ilk dəfə klinik sınaqdan keçirməyə başlayıb.
Məlumata görə, ER-100 (AAV2-OSK) adlanan terapiya zədələnmiş və ya qocalmış hüceyrələrin funksiyasını bərpa etməyə yönəlib. Müalicə zamanı Oct4, Sox2 və Klf4 adlı üç xüsusi zülaldan istifadə olunur. Alimlər hesab edirlər ki, bu zülallar hüceyrələrin bioloji yaşını qismən “sıfırlayaraq” onların fəaliyyətini yaxşılaşdıra bilər.
Şirkət bildirib ki, terapiya əvvəlcə gəmiricilər və primatlar üzərində sınaqdan keçirilib, daha sonra isə ilk insan xəstəyə tətbiq olunub. Bu, epigenetik bərpa texnologiyasının insanlar üzərində ilk klinik sınaqlarından biri hesab edilir.
Hazırda tədqiqatın birinci mərhələsində açıq bucaqlı qlaukoma və görmə sinirinin işemik zədələnməsi kimi ciddi göz xəstəliklərindən əziyyət çəkən xəstələr iştirak edirlər. Alimlər ilk növbədə müalicənin təhlükəsizliyini və mümkün yan təsirlərini qiymətləndirəcəklər.
Layihənin həmtəsisçisi, David Sinclair bildirib ki, tədqiqat qocalmanın əsas səbəblərindən biri hesab edilən epigenetik dəyişikliklərin bərpasının insan xəstəliklərinin müalicəsində effektiv olub-olmadığını müəyyən etməyə imkan verəcək.
Mütəxəssislər vurğulayırlar ki, bu texnologiya hələ ilkin mərhələdədir və onun insan ömrünü uzatması və ya qocalmanı geri çevirməsi barədə nəticə çıxarmaq üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, sınaqlar uğurlu olarsa, yaşla bağlı xəstəliklərin müalicəsində yeni imkanlar yarana bilər.
Mənbə: EuroNews
