Bugun.tv xəbər verir ki, məşhur mesajlaşma platforması olan WhatsApp 2026-cı il sentyabrın 8-dən etibarən köhnə əməliyyat sistemlərinə malik milyonlarla smartfona dəstəyi dayandıracaq.
Məlumata görə, qərar əsasən Android 5 və daha köhnə versiyalarla işləyən cihazlara şamil olunacaq. Hesablamalara əsasən, bu dəyişiklik ən azı 3,9 milyon Android smartfonunun WhatsApp xidmətindən istifadə imkanını itirməsinə səbəb olacaq.
Bundan əlavə, 30 noyabr 2026-cı ildən etibarən iPhone istifadəçiləri üçün də yeni tələblər qüvvəyə minəcək. WhatsApp-ın işləməsi üçün minimum iOS 15.5 və ya daha yeni versiya tələb olunacaq. Bu dəyişiklik əsasən iPhone 6s, iPhone 6s Plus, birinci nəsil iPhone SE, iPhone 7 və iPhone 7 Plus modellərinə təsir göstərə bilər.
Şirkət istifadəçilərə əvvəlcədən xəbərdarlıq göndərəcəyini və əməliyyat sistemlərini yeniləməyin vacibliyini xatırladacağını bildirib.
Mütəxəssislər qeyd edirlər ki, köhnə əməliyyat sistemlərinə dəstəyin dayandırılması təhlükəsizlik səviyyəsinin artırılması və yeni funksiyaların tətbiqi ilə əlaqədardır.
Mənbə: mail.ru
