DünyaSiyasət

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Bugun.tv xəbər verir ki, Avropa İttifaqının (Aİ) Miqrasiya və Sığınacaq Paktı bu gündən etibarən bütün üzv ölkələrdə tətbiq olunmağa başlayıb.

Aİ Komissiyasının baş sözçüsü Markus Lammert gündəlik brifinqdə bildirib ki, paktın qəbulundan iki il sonra yeni qaydalar tam şəkildə qüvvəyə minib və bu, Avropa İttifaqı üçün mühüm nailiyyət hesab olunur.

Lammert Aİ Komissiyasının sədri Ursula von der Leyenin “Miqrasiya Avropanın ortaq problemidir və effektiv, ədalətli, qətiyyətli Avropa həlli tələb edir” fikrini xatırladaraq qeyd edib ki, yeni qaydalar xarici sərhədlərin daha etibarlı qorunmasını, üzv dövlətlər arasında həmrəyliyi, eləcə də sığınacaq və geri qaytarılma prosedurlarının daha səmərəli həyata keçirilməsini nəzərdə tutur.

O, Macarıstanın paktın xüsusilə məcburi həmrəylik mexanizmi çərçivəsində digər Aİ ölkələrindən köçürüləcək miqrantların qəbuluna dair tərəddüdləri ilə bağlı suala cavabında bildirib ki, Avropa Komissiyası Macarıstan hakimiyyəti ilə miqrasiya da daxil olmaqla müxtəlif sahələrdə sıx əməkdaşlıq edir.

Məlumata görə, Miqrasiya və Sığınacaq Paktının əsası 2015-ci ildə Avropada yaşanan və bir milyondan çox insanın qitəyə üz tutduğu miqrasiya böhranından sonra qoyulub. Uzun müzakirələrdən sonra sənəd 2024-cü ilin mayında qəbul edilib.

Pakt Aİ-nin ilk genişmiqyaslı miqrasiya və sığınacaq çərçivəsi hesab olunur. Sənəd daha güclü sərhəd nəzarəti, daha sürətli sığınacaq prosedurları və üzv ölkələr arasında məsuliyyət bölgüsü prinsiplərinə əsaslanır.

Bununla belə, Macarıstan da daxil olmaqla bəzi ölkələr sığınacaq axtaran şəxslərin üzv dövlətlər arasında bölüşdürülməsini nəzərdə tutan məcburi həmrəylik mexanizminə etiraz edir. Həmin ölkələr hesab edirlər ki, bu sistem milli miqrasiya siyasəti üzərində nəzarəti zəiflədə, əlavə maliyyə yükü yarada və qeyri-qanuni miqrasiyanı təşviq edə bilər.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Fransa İsrail şirkətini Şotlandiya seçkilərinə müdaxilədə ittiham edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu