Bugun.tv xəbər verir ki, alimlər Afrika qitəsinin parçalanması prosesinin gözlənildiyindən daha sürətli getdiyini bildiriblər. Mütəxəssislərin məlumatına görə, ilk dəfə 2005-ci ildə Efiopiyada müşahidə olunan 56 kilometrlik nəhəng çat genişlənməkdə davam edir.
Araşdırmalara əsasən, Efiopiyanın Afar bölgəsinin altında Yer mantiyasından gələn ritmik hərəkətlər və isti ərimiş süxurlar tektonik plitələrə təzyiq göstərərək qitənin tədricən parçalanmasına səbəb olur.
Afar bölgəsi Yer kürəsində üç böyük tektonik fay xəttinin kəsişdiyi nadir məkanlardan biri hesab olunur. Alimlər bildirirlər ki, bu proses nəticəsində gələcəkdə Afrika qitəsinin şərq hissəsi əsas materikdən ayrılaraq yeni quru sahəsi və yeni okean formalaşdıra bilər.
Beynəlxalq tədqiqat qrupunun “Nature Geoscience” jurnalında dərc olunan araşdırmasına görə, mantiyanın ritmik hərəkətləri tektonik plitələrin zəifləməsini sürətləndirir. Tədqiqatçılar bölgədən 130-dan çox vulkanik qaya nümunəsi toplayaraq yeraltı prosesləri təhlil ediblər.
Mütəxəssislər qeyd edirlər ki, Somali, Efiopiyanın bəzi əraziləri, eləcə də Keniya və Tanzaniyanın bir hissəsi gələcəkdə yeni qitənin tərkibinə daxil ola bilər. Bununla yanaşı, yaranacaq okeanın dərinliyinin Atlantik okeanına bənzər səviyyəyə çatacağı ehtimal edilir.
Alimlər vurğulayırlar ki, proses artıq müşahidə olunsa da, Afrika qitəsinin tam şəkildə iki hissəyə ayrılması və yeni okeanın formalaşması üçün milyonlarla il tələb olunacaq.
Mənbə: Nature Geoscience
