Bugun.tv xəbər verir ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Rusiyanın Bryansk vilayətində Belarusun Qomel şəhərindən olan gənc futbolçuları daşıyan avtobusa hücumu nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Bryansk vilayətinin rəhbərliyi bildirib ki, Gelencik şəhərindəki təlim-məşq toplanışına yollanan komandanın olduğu avtobusa təyyarə tipli dron zərbə endirib. Hücum zamanı komandanı müşayiət edən qadın həlak olub.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, avtobusda 28 uşaq idmançı olmaqla ümumilikdə 44 nəfər olub. Yaralananlar arasında beş uşaq da var. Onların xəstəxanaya yerləşdirildiyi, bir nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin terror aktı maddəsi ilə cinayət işi açılıb. Belarus tərəfi də öz növbəsində araşdırmalara başlayıb və müstəntiqlər Rusiyaya göndərilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücumu “terror aktı” adlandırıb. Belarus Xarici İşlər Nazirliyi isə hadisəni qətiyyətlə pislədiyini bəyan edib.
Mənbə: TASS
