Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp-ın rəhbəri vəzifəsində dəyişiklik baş verib.
Təxminən yeddi ildir platformaya rəhbərlik edən Will Cathcart vəzifəsindən ayrılacağını açıqlayıb.
Onun yerinə Hindistanın maliyyə texnologiyaları şirkəti Cred-in qurucusu Kunal Şah təyin edilib. Cathcart bildirib ki, WhatsApp hazırda tarixinin ən güclü dövrünü yaşayır və rəhbərlikdən ayrılmaq üçün uyğun zamanın yetişdiyini düşünür.
Meta şirkətinin rəhbəri Mark Zukerberq Kunal Şahın innovativ yanaşmaya və qlobal baxışa malik olduğunu vurğulayaraq, onun milyardlarla istifadəçiyə xidmət göstərən platformanın inkişafına mühüm töhfə verəcəyinə inandığını deyib.
Lider dəyişikliyi ilə paralel olaraq Meta, Cred şirkətinə 900 milyon dollar sərmayə yatıraraq onun 20 faizlik payına sahib olub. Ekspertlər hesab edirlər ki, bu addım Meta-nın WhatsApp-ın ən böyük bazarı olan Hindistanda mövqelərini daha da gücləndirmək məqsədi daşıyır. Hazırda Hindistanda təxminən 853 milyon nəfər WhatsApp-dan istifadə edir.
Mənbə: TrtHaber
