Bugun.tv– Süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanan və məşhur şəxslərin səs və görüntülərinin təqlid olunduğu saxta reklamlar internet istifadəçiləri üçün ciddi təhlükəyə çevrilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yüksək qazanc vəd edən bu cür elanlar çox vaxt dələduzluq məqsədi daşıyır.
Mütəxəssislərin sözlərinə görə, sosial şəbəkələrdə, xəbər saytlarında və digər rəqəmsal platformalarda yayılan saxta videolar və reklamlar tanınmış şəxslərin etibarından istifadə edərək insanları aldadır. Bu materiallarda adətən qısa müddətdə böyük gəlir əldə etmək, süni intellektlə idarə olunan investisiya sistemləri və ya gizli maliyyə imkanları təklif edilir.
İnformasiya texnologiyaları üzrə hüquqşünaslar bildirirlər ki, istifadəçilər bu cür məzmunlara ehtiyatla yanaşmalı, şübhəli keçidlərə daxil olmamalı və şəxsi məlumatlarını paylaşmamalıdırlar. Bəzi hallarda həmin keçidlər vasitəsilə telefon, planşet və ya kompüterlərə casus proqramlar yerləşdirilə, bank hesabları və ödəniş sistemləri risk altına düşə bilər.
Ekspertlər vurğulayırlar ki, belə hallarda bank hesablarının təhlükəsizliyi yoxlanılmalı, şifrələr dəyişdirilməli və zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Hüquqşünasların fikrincə, süni intellektdən istifadə etməklə tanınmış şəxslərin görüntü və səslərinin saxtalaşdırılması, eləcə də bu üsulla vətəndaşların maddi ziyana məruz qoyulması bir sıra cinayət əməlləri, o cümlədən dələduzluq və xüsusilə külli miqdarda dələduzluq kimi qiymətləndirilə bilər.
Mənbə: Anadolu Agentliyi
