Bugun.tv – Avropada davam edən isti hava dalğası meşə yanğınlarının sayını artırıb. İngiltərə, İspaniya və Fransada onlarla yanğına müdaxilə edilir, bəzi yaşayış məntəqələri təxliyə olunub.
İngiltərənin Derbyshire qraflığında yerləşən Tintwistle Moor ərazisində çərşənbə günü başlayan yanğın təxminən 200 hektar meşə və kolluq sahəni əhatə edib. Yanğın səbəbindən A628 Woodhead Pass avtomobil yolunun bir hissəsi hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Sakinlərə tüstünün hiss olunduğu ərazilərdə qapı və pəncərələri bağlı saxlamaq, hadisə yerindən uzaq durmaq tövsiyə edilib.
Ölkədə temperaturun 36 dərəcəyə çatması ilə əlaqədar ardıcıl üçüncü gündür “qırmızı xəbərdarlıq” elan olunub. Yüksək temperatur səbəbindən metro və qatar reyslərində də ciddi gecikmələr və ləğvlər qeydə alınıb.
İspaniyada isə hazırda 18-i iri olmaqla 140-dan çox meşə yanğını ilə mübarizə aparılır. Ən təhlükəli vəziyyət Kataloniyanın Tiana və Montqat bölgələrində, həmçinin Qalisiya, Araqon, Kastilya və Leon və Navarra bölgələrində müşahidə olunur.
Tiana və Montqatda davam edən yanğınlar səbəbindən bir yaşayış kompleksi və hotel ehtiyat tədbiri olaraq boşaldılıb. Kataloniya Mülki Müdafiə Xidməti əhalinin mobil telefonlarına təcili xəbərdarlıq göndərərək sakinlərə qapalı məkanlarda qalmağı və pəncərələri bağlamağı tapşırıb.
Araqon bölgəsindəki Tamarite de Litera və Alkampell yaşayış məntəqələrində isə 4 min hektardan çox ərazi yanaraq külə dönüb. Burada 240 nəfər evlərindən təxliyə edilib.
Fransada son sutka ərzində baş verən yanğınlarda Merküre qəsəbəsində 20 hektar, Marinye-Laye qəsəbəsində isə 3 min kvadratmetrlik ərazi yanıb. Hazırda ölkə üzrə 9 fərqli nöqtədə aktiv meşə yanğınlarının davam etdiyi bildirilir.
Mənbə: Anadolu Agentliyi
