Bugun.tv — Argentina millisinin kapitanı Lionel Messi 2026 FIFA Dünya Kubokunda yeni tarixi rekorda imza atıb. Təcrübəli futbolçu turnir tarixində ardıcıl 7 Dünya Kuboku oyununda qol vuran ilk futbolçu olub.
Argentina J qrupunun son turunda İordaniyanı 3:1 hesabı ilə məğlub edib. Ehtiyat oyunçular skamyasında qarşılaşmaya başlayan Messi ikinci hissədə meydana daxil olub və matçın 80-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu qolla rekordunu rəsmiləşdirib.
39 yaşlı ulduzun Dünya Kuboklarında vurduğu qolların sayı 19-a çatıb və o, kişilər arasında bu göstərici üzrə öz rekordunu daha da yaxşılaşdırıb.
Bu qol Messinin peşəkar karyerasında 72-ci, Argentina millisinin heyətində isə 12-ci cərimə zərbəsindən vurduğu qol kimi tarixə düşüb. O, milli komandanın heyətində keçirdiyi 202-ci oyunda 123-cü qolunu vuraraq beynəlxalq futbol tarixinin bombardirləri siyahısında Cristiano Ronaldodan sonra ikinci pillədə qərarlaşıb.
Messi bu rekorda qədər Dünya Kubokunda ardıcıl altı oyunda qol vuran Just Fontaine və Jairzinho ilə eyni göstəricini bölüşürdü. İordaniya ilə oyunda fərqlənməklə o, hər iki futbolçunu geridə qoyaraq bu rekordu təkbaşına ələ keçirib.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni matçdan sonra Messinin çıxışı barədə danışarkən, onun performansının artıq hər şeyi izah etdiyini bildirib.
Qrupu lider tamamlayan Argentina Dünya Kubokunun son 32 mərhələsində növbəti oyununu Cənubi Floridada keçirəcək.
Mənbə: TrtHaber
