ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə iyulun 4-də keçirdiyi telefon danışığını yüksək qiymətləndirərək Ukrayna münaqişəsinin yaxın vaxtlarda diplomatik yolla həll oluna biləcəyinə ümid etdiyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşdən sonra açıqlama verən Tramp, Putinlə uzun və məhsuldar söhbət etdiyini deyib. Onun sözlərinə görə, danışıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıb.
ABŞ lideri həm Moskvanın, həm də Kiyevin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb. Tramp qeyd edib ki, hazırkı vəziyyətdə razılaşma çətin görünsə də, müharibələrdə bəzən ən gözlənilməz anda həll yolu tapılır.
Tramp çıxışı zamanı Türkiyə ilə bağlı da mühüm açıqlama verib. O bildirib ki, ABŞ Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv etmək niyyətindədir.
ABŞ Prezidenti həmçinin Qrenlandiyanın ABŞ-ın nəzarətində olmasının vacibliyini müdafiə edib. Onun sözlərinə görə, adanın ətrafında Çin və Rusiya gəmilərinin fəallığı Vaşinqton üçün ciddi təhlükəsizlik məsələsidir.
Avropa ilə münasibətlərə toxunan Tramp bildirib ki, ABŞ gələcəkdə Avropadakı hərbi kontingentini daha da azalda bilər. O, həmçinin Avropa ölkələrini miqrasiya və enerji siyasətində daha ehtiyatlı olmağa çağıraraq, bu sahələrdə düzgün qərarlar verilmədiyi təqdirdə qitənin ciddi problemlərlə üzləşə biləcəyini söyləyib.
Mənbə: TASS

