Bugun.tv xəbər verir ki, Çində iqtisadi artımın bu ilin ikinci rübündə zəifləyəcəyi proqnozlaşdırılır. Reuters-in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, ölkənin ümumi daxili məhsulunun (ÜDM) aprel–iyun aylarında illik ifadədə 4,5 faiz artacağı gözlənilir. Bu göstərici ilin ilk rübündə qeydə alınan 5 faiz artımdan aşağıdır.
Mütəxəssislər bildirirlər ki, ixrac, xüsusilə süni intellekt texnologiyalarına bağlı məhsullar hesabına yüksək səviyyədə qalsa da, daxili istehlakın zəifləməsi, özəl investisiyaların azalması və daşınmaz əmlak sektorundakı problemlər iqtisadi fəallığa mənfi təsir göstərir.
Analitiklər hesab edirlər ki, Pekin yaxın aylarda iqtisadiyyatı dəstəkləmək üçün dövlət xərclərini artıracaq və əlavə istiqraz buraxılışına üstünlük verəcək. Bununla yanaşı, Çin Mərkəzi Bankının əsas faiz dərəcələrini hələlik dəyişməyəcəyi, lakin ilin sonuna doğru banklar üçün məcburi ehtiyat normalarında kiçik endirimə gedə biləcəyi gözlənilir.
Reuters sorğusuna görə, Çin iqtisadiyyatının 2026-cı il üzrə ümumi artım tempi 4,6 faiz, 2027-ci ildə isə 4,4 faiz səviyyəsində proqnozlaşdırılır. İnflyasiyanın isə hökumətin 2 faizlik hədəfindən aşağı – təxminən 1,2 faiz olacağı gözlənilir.
Mənbə: Reuters

