Bugun.tv xəbər verir ki, ABŞ-nin yaxın günlərdə İrana qarşı hava hücumlarının miqyasını genişləndirmək planlarının resurs çatışmazlığı səbəbindən məhdudiyyətlərlə üzləşdiyi iddia olunur.
The Washington Post qəzetinə danışan və adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Vaşinqtonun hava hücumlarını genişləndirmək imkanları hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatlarının azalması səbəbindən məhdudlaşıb.
Mənbənin sözlərinə görə, hərbi əməliyyatlar zamanı yaranan itkilər səbəbindən bölgəyə əlavə hərbçi və döyüş təyyarələrinin göndərilməsi imkanları da əvvəlki qədər geniş deyil. Rəsmi bildirib ki, əməliyyatların təhlükəsiz şəkildə davam etdirilməsi üçün kifayət qədər resurs yoxdur və Ağ evin vəziyyətin ciddiliyini tam dərk etmədiyini iddia edib.
Bundan əvvəl İsrail mətbuatı ABŞ-nin Yaxın Şərqə əlavə döyüş təyyarələri və yanacaq dolduran təyyarələr göndərməyə başladığını, bunun isə İrana qarşı hava əməliyyatlarının genişləndirilməsi ilə əlaqədar olduğunu yazmışdı.
Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumlarından sonra münaqişənin dayandırılması məqsədilə Vaşinqton və Tehran arasında 14 iyunda İslamabad Razılaşması imzalanmış, yekun saziş üçün 60 günlük danışıqlar müddəti müəyyən edilmişdi. Lakin iyulun 8-də ABŞ İrana qarşı yeni hücumlara başlayıb, Tehran isə cavab olaraq regiondakı ABŞ hərbi bazalarını hədəfə alıb.

