Fransada davam edən kəskin istilər və quraqlıq səbəbindən 3 nüvə reaktoru müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yerli KİV-in ölkənin elektrik enerjisi şirkəti EDF-ə istinadən yaydığı məlumata görə, yüksək temperatur və yağıntı çatışmazlığı nəticəsində Meuse və Moselle çaylarında suyun səviyyəsi xeyli aşağı düşüb. Bununla əlaqədar ətraf mühitin qorunması məqsədilə tətbiq olunan su məhdudiyyətləri çərçivəsində bəzi nüvə obyektlərinin fəaliyyəti dayandırılıb.
EDF bildirib ki, Chooz Atom Elektrik Stansiyasında iki, Ardennes stansiyasında isə bir reaktorun işi dayandırılıb. Bundan əlavə, isti hava dalğası səbəbindən Bugey 3, Tricastin 4 və Saint-Alban reaktorlarında elektrik istehsalı azaldılıb.
Fransada elektrik enerjisinin təxminən 70 faizi ölkədə fəaliyyət göstərən 58 nüvə reaktorundan əldə olunur. Bu reaktorların soyudulması üçün əsasən çay və dəniz sularından istifadə edilir.
Mütəxəssislərin məlumatına görə, Fransada may ayından bəri ardıcıl isti hava dalğaları müşahidə olunur. İyunda orta temperatur rekord həddə çatıb, iyuldakı isti hava dalğası isə ölkə tarixində qeydə alınan ən uzun üçüncü belə hadisə olub. Avropa Quraqlıq Rəsədxanasının məlumatına əsasən, iyulun ikinci və üçüncü həftələrində Fransa ərazisinin 96,5 faizi quraqlığın təsiri altında qalıb.
Mənbə: Ensonhaber
