BMT-nin Baş katibi Antonio Quterreş Hirosimaya atom bombasının atılmasının 81-ci ildönümü münasibətilə yayımladığı müraciətdə hücumu həyata keçirən ölkənin adını bir daha çəkməyib.
Bugun.tv xəbər verir ki, Quterreşin mesajı anım mərasimində BMT Baş katibinin müavini və Silahsızlanma Məsələləri üzrə Ali Nümayəndə İzumi Nakamitsu tərəfindən səsləndirilib.
Baş katib çıxışında bəşəriyyəti nüvə silahlarının yaratdığı təhlükələr barədə düşünməyə çağıraraq, dialoq, əməkdaşlıq və ortaq təhlükəsizliyin vacibliyini vurğulayıb. O bildirib ki, dünyada geosiyasi gərginlik, qarşılıqlı etimadsızlıq və rəqabət artır, nüvə təhlükəsinin qarşısını alan mexanizmlər isə ciddi sınaq qarşısındadır.
Quterreş əvvəlki illərdə olduğu kimi, bu dəfə də Hirosima və Naqasakiyə atom bombalarını atan ölkə kimi ABŞ-ın adını birbaşa qeyd etməyib. Oxşar yanaşmanı Yaponiyanın Baş naziri Sanae Takaiçi və Hirosima şəhərinin meri Kazumi Matsui də anım mərasimində nümayiş etdiriblər.
Tarixi məlumatlara görə, ABŞ 1945-ci ilin avqustunda Hirosima və Naqasakiyə atom bombaları ataraq İkinci Dünya müharibəsində nüvə silahından istifadə edən yeganə ölkə olub. Partlayışlar nəticəsində yüz minlərlə insan həlak olub, sağ qalanların bir çoxu isə sonrakı illərdə radiasiyanın yaratdığı ağır xəstəliklərlə üzləşib.
Mənbə: TASS
