İran Prezidenti Məsud Pezeşkiyan ölkənin dini lideri Müctəba Xamenei ilə 7 saat davam edən görüş keçirdiyini açıqlayıb.
Ensonhaber-in məlumatına görə, Pezeşkiyan İran mediasına bildirib ki, görüşdə ölkənin bütün problemləri, insanların dolanışığı, bazar vəziyyəti, məşğulluq, mənzil, sanksiyalar, xalqın birliyi və müqaviməti müzakirə olunub. O, görüşü “müsbət və məhsuldar” adlandırıb.
Prezidentin sözlərinə görə, görüşün əsas gündəmi ABŞ və İsrail ilə müharibənin nəticələri olub. Pezeşkiyan qeyd edib ki, Xameneinin ən böyük prioriteti ölkədaxili birliyi qorumaqdır.
Görüşdən qısa müddət sonra İran mətbuatı sağlamlığı ilə bağlı şayiələr yayılan Müctəba Xameneinin ilk yeni görüntülərini dərc edib. Mehr Agentliyi tərəfindən yayılan 13 saniyəlik videoda Xameneinin dərs dediyi anlar yer alıb. Görüntülərin harada və nə vaxt çəkildiyi açıqlanmayıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü fevralın 28-də ABŞ-İsrail hücumunda Xameneinin yalnız “səthi yaralar” aldığını demişdi.
Mənbə: Ensonhaber
