Bugun.TV xəbər verir ki, 2023-cü ildə böyük uğur qazanan «Barbi» filminin davamı ilə bağlı işlər aktyorların qonorarları ətrafında yaranan fikir ayrılığı səbəbindən dayanıb.
Kino Mail və digər xarici mənbələrin məlumatına görə, Marqo Robbi və Rayan Qoslinqin, həmçinin rejissor Qreta Qerviqin davam filmi üçün daha yüksək ödəniş tələb etməsi danışıqların dalana dirənməsinə səbəb olub.
Məlumata görə, «Barbi 2» üzərində işlərin davam etdirilməsi üçün Warner Bros. aktyorlar və yaradıcı heyətlə yeni müqavilələr bağlamalıdır. Lakin tərəflər maliyyə şərtləri üzrə hələ razılığa gələ bilməyib.
Qoslinqin Ken obrazına qayıtması üçün təxminən 20 milyon dollar ilkin qonorar tələb etdiyi bildirilir. Robbinin isə ilk filmdəki gəlirinin daha yüksək olması üçün yeni müqavilədə əlavə ödəniş və filmin gəlirlərindən pay istədiyi qeyd olunur.
2023-cü ildə ekranlara çıxan ilk «Barbi» filmi dünya üzrə 1,4 milyard dollardan çox gəlir əldə edərək Warner Bros.-un ən uğurlu filmlərindən birinə çevrilmişdi.
Hazırda «Barbi 2»nin gələcəyi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, tərəflər 2026-cı ilin dekabrına qədər razılığa gəlməsələr, filmin hüquqları Mattel şirkətinə qayıda bilər. Bu halda layihənin başqa yaradıcı heyətlə yenidən hazırlanması ehtimalı yaranacaq.
Mənbə: Kino Mail
