Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb.
Bu barədə dövlət başçısı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
İlham Əliyev paylaşımında bildirib ki, Viktor Yuşşenko ilə 20 ildən artıq davam edən tanışlıqları çərçivəsində bir sıra xoş xatirələri bölüşüblər. Görüş zamanı həmçinin Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işlər xatırlanıb və iki ölkə arasında əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçısı əlavə edib ki, görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən ona “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olunub.
Azərbaycan Prezidenti paylaşımında Viktor Yuşşenko ilə uzun illər davam edən tanışlığın və iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Mənbə: prezident.az
