Bugun.tv xəbər verir ki, Yaponiyada yaşayan azərbaycanlı Əlibəy Məmmədovun Azərbaycan haqqında yapon dilində hazırladığı növbəti kitabı nəşr olunub.
“Şərabla səfər edəcəyiniz Azərbaycan” adlı kitabda Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, qonaqpərvərlik ənənələri, şərabçılıq mədəniyyəti və turizm imkanları yapon oxuculara geniş şəkildə təqdim edilir.
Doqquz hissədən ibarət olan nəşrin əsas məqsədi Azərbaycanı Yaponiya ictimaiyyətinə fərqli istiqamətlərdən tanıtmaqdır. Kitabın ilk bölməsində Azərbaycan “qəribə və gözəl ölkə” kimi təqdim olunur. Burada ölkənin tarixi və mədəni irsi, görməli yerləri, turizm imkanları və müxtəlif bölgələri haqqında məlumat verilir.
Nəşrin ilk 32 səhifəsində Azərbaycanın müxtəlif bölgələrini əks etdirən rəngli fotoşəkillər yer alır. Fotolarda Bakı, Qobustan, Şəki və digər məkanlarla yanaşı, Azərbaycan mətbəxi və süfrə ənənələri də təqdim edilir.

Azərbaycan şərabçılığı kitabın əsas mövzularındandır
Kitabın əsas mövzularından biri Azərbaycanın qədim şərabçılıq ənənələri və şərabın ölkələr arasında mədəni əlaqələrin qurulmasında oynadığı roldur.
Əlibəy Məmmədov Azərbaycan və Gürcüstanın paylaşdığı qədim şərab mədəniyyətindən, Xəzər dənizinin təbiətindən və Azərbaycanda istehsal olunan müxtəlif şərab növlərindən bəhs edir.
Nəşrdə Azərbaycan şərabçıları, şərab istehsalı və şərab vasitəsilə ölkənin Yaponiyada tanıdılması imkanları haqqında da məlumat verilir.
Müəllif Azərbaycan və Yaponiya arasında münasibətlərə də xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, bir butulka Azərbaycan şərabının Yaponiyada təqdim olunması zamanla yalnız məhsul satışından ibarət olmayıb. Bu proses Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, insanların gündəlik həyatı və süfrə ənənələrinin yapon cəmiyyətinə çatdırılması vasitəsinə çevrilib.

Əlibəy Məmmədov bunu belə ifadə edib:
“Bu, təkcə bir butulka şərab satmaq deyil. Azərbaycanın mədəni irsini, tarixini, insanların gündəlik həyat tərzini, süfrəsini və mentalitetini yaponlara çatdırmaqdır”.
Azərbaycan mətbəxi və qonaqpərvərlik ənənələri
Nəşrdə Azərbaycan süfrə mədəniyyətinə də geniş yer ayrılıb. Dolma, qutab və digər milli yeməklərlə yanaşı, Azərbaycan ailələrində qonağa münasibət, evə dəvət və qonaq üçün ən yaxşı yeməyin və ən rahat yerin hazırlanması kimi ənənələrdən bəhs edilir.
Kitabda Azərbaycan qonaqpərvərliyinin yalnız milli mətbəxlə məhdudlaşmadığı, insanların gündəlik həyatında və ailə münasibətlərində də özünü göstərdiyi diqqətə çatdırılır.
Müəllif hesab edir ki, Azərbaycanın xarici auditoriyaya tanıdılmasında ölkənin tarixi, mədəniyyəti, qonaqpərvərliyi və gündəlik həyatının birlikdə təqdim olunması mühüm əhəmiyyət daşıyır.

Azərbaycan-Yaponiya əməkdaşlığına diqqət
Kitabın son bölmələrində Azərbaycan və Yaponiya arasında gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilir.
Mədəniyyət, iqtisadiyyat, biznes və kənd təsərrüfatı məhsulları vasitəsilə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi mümkün istiqamətlər kimi təqdim olunur.
Əlibəy Məmmədov bildirib ki, “Şərabla səfər edəcəyiniz Azərbaycan” yalnız şərab haqqında kitab deyil. Nəşr bir məhsul vasitəsilə Azərbaycanın tarixinin, mədəniyyətinin, insanlarının, qonaqpərvərlik ənənələrinin və turizm imkanlarının Yaponiyada tanıdılmasına yönəlmiş təqdimat nümunəsidir.
Kitabda Azərbaycan haqqında geniş məlumatlarla yanaşı, ölkənin turizm, mədəniyyət və şərabçılıq imkanlarını əks etdirən çoxsaylı fotoşəkillər də yer alıb.

Kitab avqustun 31-dən satışda olacaq
Məlumata görə, kitabın Yaponiyada rəsmi satışına 2026-cı il avqustun 31-dən başlanacaq. Nəşrin artıq “Amazon” platformasında da satışları həyata keçirilir və kitab yapon dilindəki nəşrlər arasında yüksək mövqelərdə yer alır.
Kitabın Yaponiyanın bir sıra mərkəzi kitabxanalarına və universitetlərinə də paylanılması nəzərdə tutulur.

Əlibəy Məmmədov kimdir?
Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. O, Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb və Yaponiya hökumətinin təqaüdçüsü olub.
Məmmədov eyni zamanda konfliktoloq və Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. O, diaspor fəaliyyətinə tələbəlik illərindən başlayıb, 2015-ci ildən isə Yaponiyada biznes sahəsində fəaliyyət göstərir.
Onun yapon dilində 2018-ci ildə “Azərbaycanın indi maraqlı olmasının səbəbləri”, 2026-cı ilin aprelində isə “Azərbaycan adlı strategiya” adlı kitabları nəşr olunub.
Yeni kitabın nəşri ilə Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, qonaqpərvərlik ənənələri və turizm imkanlarının Yaponiyada daha geniş auditoriyaya çatdırılması hədəflənir.

Mənbə: Xalq qəzeti
