İtaliyanın Dolomit dağlarında yerləşən Friedrich August sığınacağı sosial şəbəkələrdə yayılan videolardan sonra yüzlərlə turistin axınına məruz qalıb. Turistlərin əsas məqsədi isə möhtəşəm dağ mənzərələrini izləmək deyil, məşhur krapfen şirniyyatını dadmaq olub.
Bugun.tv xəbər verir ki, İtaliyanın Dolomit dağlarında yerləşən Friedrich August sığınacağı sosial media təsirçilərinin paylaşdığı videolardan sonra gözlənilməz turist axını ilə üzləşib.
“The Guardian”ın məlumatına görə, dəniz səviyyəsindən təxminən 2 300 metr yüksəklikdə, Val di Fassa bölgəsində yerləşən sığınacağa son günlər yüzlərlə insan yalnız məşhur krapfen şirniyyatını dadmaq üçün gedib.
Krapfen Almaniya mətbəxinə aid, ponçiki xatırladan, içlikli xəmir şirniyyatıdır. Friedrich August sığınacağında hazırlanan bu şirniyyatın qiyməti 4 avroya qədərdir.
Şirniyyat üçün gecədən növbəyə dayanıblar
Sosial media təsirçiləri Dolomit dağlarının mənzərələri fonunda krapfen yedikləri videoları paylaşdıqdan sonra məkan qısa müddətdə məşhurlaşıb. Videolardan birində şirniyyatın dağ mənzərəsi qarşısında təqdim edilməsi və arxa planda musiqinin səslənməsi istifadəçilərin diqqətini cəlb edib.
Bəzi turistlərin şirniyyatın tükənməsindən əvvəl onu əldə etmək üçün səhər tezdən yola çıxdığı, hətta bəzilərinin gecəni ərazidə keçirdiyi bildirilib.
Nəticədə sığınacağa aparan dar dağ cığırlarında uzun növbələr yaranıb. Maraqlısı isə odur ki, növbələrin görüntülərinin sosial şəbəkələrdə yayılması daha çox insanın əraziyə gəlməsinə səbəb olub.
Sığınacaq əməkdaşları narazıdır
Friedrich August sığınacağının əməkdaşları yaranmış vəziyyətdən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, burada krapfen təxminən 30 ildir hazırlanır və əvvəllər belə izdiham yaşanmayıb.
Əməkdaşlardan biri sosial media təsirçilərinin məkanı həddindən artıq məşhurlaşdırmasından sonra vəziyyətin xaosa çevrildiyini bildirib.
Yerli dağ icmaları və təbiəti qoruyan təşkilatlar isə problemin yalnız bir şirniyyatla bağlı olmadığını vurğulayırlar. Onların fikrincə, sosial media alqoritmləri insanları müəyyən mənzərəli məkanlara kütləvi şəkildə yönəldərək “həddindən artıq turizm” problemini gücləndirir.
İtaliya Alp Klubu da belə turizmin dağların təbiətinə və ənənəvi ruhuna mənfi təsir göstərdiyini bildirir. Təşkilatın nümayəndələri bəzi insanların dağlara onların xüsusiyyətlərini və qaydalarını bilmədən getdiyini, əsas məqsədlərinin isə foto və video çəkmək olduğunu qeyd ediblər.
Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələr vasitəsilə bir məkanın qəfil məşhurlaşması əvvəllər sakit olan ərazilərdə nəqliyyat, tullantı, təhlükəsizlik və təbiətin qorunması ilə bağlı problemlər yarada bilər.
Friedrich August hadisəsi də sosial medianın turizmə təsirinin nə qədər sürətli və böyük ola biləcəyini göstərən yeni nümunələrdən biri kimi qiymətləndirilir.
Mənbə: The Guardian
