Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni mühüm tarixi hadisə kimi qiymətləndirib.
Deputat sosial media hesabında paylaşdığı şərhdə bildirib ki, sənəd iki ölkə arasında qarşılıqlı strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.
Vüqar Bayramovun sözlərinə görə, Əbədi Dostluq Müqaviləsi Azərbaycan və Özbəkistan xalqları arasında tarixi yaxınlığı, qarşılıqlı hörmət və etimadı əks etdirir. O qeyd edib ki, müqavilə siyasi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə, birgə investisiyaların və xarici ticarət əlaqələrinin genişləndirilməsinə imkan yaradır.
Deputatın fikrincə, bu sənəd eyni zamanda Türk dünyasının inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, 165 milyon əhalini, 4,24 milyon kvadratkilometr ərazini və 2,4 trilyon dollarlıq nominal iqtisadiyyatı əhatə edən Türk dünyasının daha sıx əməkdaşlığı üçün bu razılaşma tarixi addımlardan biridir.
Bayramov qeyd edib ki, oxşar sənədlər müxtəlif dövrlərdə bir sıra dövlətlər arasında imzalansa da, Azərbaycan və Özbəkistanın imzaladığı müqavilə ikitərəfli formatda qardaşlıq münasibətlərinin yeni mərhələyə keçdiyini nümayiş etdirir.
