Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı bir sıra düşmənçilik xarakterli addımlarda ittiham edərək bu hərəkətlərin Rusiya ilə açıq müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Moskvanın sərt açıqlaması Tallinin Rusiya ilə quru sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra verilib.
Bugun.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkilini çağıraraq ona rəsmi etirazını bildirib. Nazirliyin bəyanatında Tallinin addımları “Rusiya ilə açıq müharibəyə səbəb ola biləcək” təhlükəli hərəkətlər kimi qiymətləndirilib.
Estoniya dekabrın 1-dən Rusiya ilə quru sərhəd-keçid məntəqələrini ən azı altı ay müddətinə bağlamağı planlaşdırır. Tallinn bu qərarı təhlükəsizlik səbəbləri ilə əsaslandırır və Rusiya xüsusi xidmət orqanlarını Estoniyanın müdafiə sənayesi şirkətlərindən birinə qarşı yandırma cəhdi təşkil etməkdə ittiham edir. Moskva bu ittihamı rədd edir.
Estoniya Rusiyanın iddialarını rədd edib
Moskva həmçinin Estoniyanı Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün hava məkanından istifadə etməsinə şərait yaratmaqda, Baltik dənizində Rusiya gəmilərinin hərəkətinə mane olmaqda və digər addımlarda ittiham edib.
Estoniya Xarici İşlər Nazirliyi ölkə ərazisinin başqa dövlətin hərbi əməliyyatları üçün istifadə edilməsinə heç vaxt icazə vermədiyini bildirib. NATO-nun baş katibi Mark Rütte isə Estoniya və Polşadakı hadisələrin alyans tərəfindən izlənildiyini açıqlayıb.
Mənbə: Reuters
