Bugun.tv xəbər verir ki, deputat Vüqar Bayramov 26 Avqust – Laçın Şəhəri Günü ilə bağlı sosial media hesabında paylaşım edib.
Deputat qeyd edib ki, Vətən müharibəsində əldə olunan qələbədən sonra Laçın rayonu 2020-ci il dekabrın 1-də, Laçın şəhəri, Zabux və Sus kəndləri isə 2022-ci il avqustun 26-da Azərbaycana təhvil verilib. Onun sözlərinə görə, Prezidentin imzaladığı sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur.
Vüqar Bayramov bildirib ki, işğaldan azad edilən Laçın rayonunda bərpa və yenidənqurma işləri ilə yanaşı, iqtisadi inkişaf və reinteqrasiya prosesi də davam edir.
Deputatın paylaşımına görə, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiyanın həcmi 5 milyard manatdan çox olub. Bunun 4,4 milyard manatı dövlət büdcəsindən ayrılıb.
Vüqar Bayramov Laçın rayonunun iqtisadi göstəricilərində də ciddi artım olduğunu vurğulayıb. O qeyd edib ki, rayonun iqtisadiyyatı işğaldan azad olunduqdan sonra 25 dəfə böyüyüb. 2020-ci ildə əsas iqtisadi fəaliyyət sahələri üzrə məhsul buraxılışı 42 milyon manat olduğu halda, hazırda bu göstərici 1 milyard manatı ötüb.
Deputatın sözlərinə görə, məhsul buraxılışında ən böyük pay tikinti sektorunun payına düşür. Bu sahədə 899 milyon manatlıq məhsul istehsal olunub. Sənaye üzrə illik məhsul istehsalı 65 milyon manat, kənd təsərrüfatında isə 49 milyon manat təşkil edib.
Vüqar Bayramovun fikrincə, vaxtilə işğal nəticəsində dağıdılan və baxımsız vəziyyətə düşən Laçın artıq regionun əsas iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir.
