Bugun.tv xəbər verir ki, ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın nüvə və raket proqramlarından qaynaqlanan təhlükələrə qarşı sentyabrın 9-dan 11-dək birgə hərbi təlim keçirəcək. Reuters-in məlumatına görə, “Freedom Edge” adlanan təlim Cənubi Koreyanın Çeju adasının cənub və şərqində yerləşən beynəlxalq sularda keçiriləcək.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib ki, təlim müdafiə xarakteri daşıyır və üç ölkənin Şimali Koreyadan mümkün nüvə və raket təhlükəsinə qarşı hazırlığını yoxlamaq məqsədi güdür.
Bu qərar ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə bəzi əvvəlcədən planlaşdırılmış hərbi təlimlərin miqyasını azaltması və ABŞ-Cənubi Koreya dəniz piyadalarının birgə təlimini ləğv etməsindən sonra açıqlanıb. Tramp Seulun İran müharibəsində ABŞ-a dəstək verməməsini də səbəblərdən biri kimi göstərib.
Eyni zamanda Tramp Şimali Koreya lideri Kim Çen Inla yeni görüş keçirməyə çalışır. Buna baxmayaraq, Vaşinqton, Seul və Tokio hərbi əməkdaşlığı davam etdirir.
Mənbə: Reuters
