İqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollara çata bilər

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi regionda sülhün praktiki nəticələrinin mühüm göstəricilərindən biri ola bilər.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın neft məhsullarını Ermənistana ixrac etməsi, üçüncü ölkələrdən Ermənistana göndərilən taxıl və digər məhsulların Azərbaycan ərazisindən tranzitinə şərait yaradılması, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin formalaşması sülh dividendlərinin əyani təzahürlərindəndir.

Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinə uyğun olaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir və bu ölkəyə yüklərin daşınması ilə bağlı mövcud məhdudiyyətlər aradan qaldırılıb. Deputat bunu Azərbaycanın regionda sülh prosesinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirib.

Vüqar Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk yeddi ayında isə iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb.

Deputatın sözlərinə görə, aparılan qiymətləndirmələr Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulmasının mümkün olduğunu göstərir. İqtisadi əlaqələrin tam bərpası nəticəsində iki ölkə arasında illik ticarət dövriyyəsinin 300 milyon dollara çatması mümkündür.

Vüqar Bayramov həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsinin regionda yükdaşımaların həcmini artıracağını bildirib. Onun fikrincə, bu, region ölkələrinin beynəlxalq yük daşımalarından daha çox gəlir əldə etməsinə və iqtisadi əlaqələrin genişlənməsinə imkan verə bilər.

Deputat vurğulayıb ki, iqtisadi əməkdaşlığın inkişafı həm davamlı sülhün möhkəmlənməsi, həm də regionun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 2025-ci ildə 93 faiz artıb

Aynur Camal

Azərbaycanda orta pensiya 594 manata çatdı

Aynur Camal

Qazaxıstan Mərkəzi Asiyanın macəra turizmi mərkəzinə çevrilmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu