Bugun.tv xəbər verir ki, Çinin Quizhou əyalətində yerləşən Huajiang Böyük Kanyon Körpüsü dünyanın ən hündür körpülərindən biri olmaqla yanaşı, üzərində yaradılan nəhəng süni şəlalə ilə də diqqət çəkir.
Körpünün tikintisi zamanı yerin altında güclü su mənbəyi aşkar edilib. Yeraltı su tikinti sahəsində rütubətin artmasına və su basması riskinə səbəb olduğundan mühəndislər qarşılaşdıqları problemi sadəcə suyu kənarlaşdırmaqla həll etmək əvəzinə, həmin mənbədən faydalanmaq qərarına gəliblər.
Bunun üçün dağlıq ərazidə xüsusi su anbarları yaradılıb və suyun körpüyə qədər çatdırılması üçün boru xətləri çəkilib. Anbarlarda su müəyyən səviyyəyə çatdıqda sistem vasitəsilə nəzarətli şəkildə buraxılır.
Körpünün yol səviyyəsi Beipan çayının təxminən 625 metr üzərində yerləşir. Nəticədə su körpüdən kanyonun dərinliyinə doğru axaraq 625 metr hündürlükdən tökülən nəhəng süni su pərdəsi yaradır.
Huajiang Böyük Kanyon Körpüsünün ümumi uzunluğu təxminən 2 890 metr, əsas aşırımının uzunluğu isə 1 420 metrdir. Körpünün ətrafında yaradılan müşahidə məntəqələri, şüşə gəzinti yolları və digər turizm imkanları ərazinin cəlbediciliyini artırıb.
Beləliklə, tikinti zamanı mühəndislər üçün problem yaradan yeraltı su mənbəyi sonradan bölgənin əsas görməli yerlərindən birinə çevrilib. Layihə həm mühəndislik baxımından maraqlı həll, həm də təbii mənzərə ilə texnologiyanın birləşməsi nümunəsi kimi diqqət çəkir.
Mənbə: EnSonHaber
