Bugun.tv xəbər verir ki, süni intellekt alətlərinin sürətlə yayılması yaradıcı sahələrdə çalışan frilanserlərin işini dəyişdirib. Şirkətlər mətn, loqo, illüstrasiya və videoları sıfırdan hazırlamaq əvəzinə, süni intellektlə yaradılan ilkin materialları düzəltmək üçün mütəxəssislərə müraciət etməyə başlayıblar.
The Guardian-ın məlumatına görə, “AI slop” adlandırılan keyfiyyətsiz süni intellekt məzmununun redaktəsi və düzəldilməsi ayrıca iş sahəsinə çevrilir. Dizaynerlər, yazıçılar və video mütəxəssisləri süni intellektin yaratdığı qüsurları aradan qaldıraraq materialları istifadə üçün yararlı vəziyyətə gətirirlər.
Freelancer.com platformasının məlumatlarına əsasən, süni intellekt səhvlərinin düzəldilməsi ilə bağlı iş elanları 2025-ci ilin avqustundan 2026-cı ilin iyununa qədər 87 faiz artıb. Bu sahədə ən çox qrafik dizayn xidmətlərinə tələbat qeydə alınıb. Video montajı, korrektə və mətn yazarlığı da əsas istiqamətlər sırasındadır.
Süni intellektlə yaradılan bəzi materialların sonradan düzəldilməsi isə gözləniləndən daha çox vaxt aparır. Mütəxəssislər bildirirlər ki, bulanıq təsvirlər, səhv çəkilmiş detallar, robotik səsləndirmə və təbii görünməyən mətnlərin düzəldilməsi bəzən işi sıfırdan hazırlamaq qədər mürəkkəb olur.
Avstraliyada fəaliyyət göstərən yazıçı və redaktor Kym Dunbar da süni intellektlə hazırlanmış materialların redaktəsinə artan tələbatdan danışıb. O bildirib ki, orijinal məzmun hazırlanması üçün sifarişlər azalarkən süni intellektin yaratdığı mətnlərin düzəldilməsinə ehtiyac artır.
İspaniyada çalışan qrafik dizayner Lisa isə 2025-ci ildə loqo və qablaşdırma ilə bağlı sifarişlərinin böyük hissəsinin süni intellekt tərəfindən hazırlanmış işlərin düzəldilməsi olduğunu bildirib. Lakin bu işlərin aşağı ödənişli və yorucu olması bəzi frilanserlərin belə sifarişlərdən imtina etməsinə səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt texnologiyası təkmilləşdikcə bu tip işlərə tələbatın necə dəyişəcəyi hələ də açıq sualdır. Bununla belə, hazırda şirkətlər süni intellektdən sürətli ilkin nəticələr almaqla yanaşı, həmin nəticələri keyfiyyətli məhsula çevirmək üçün insan əməyinə ehtiyac duyurlar.
MənbəThe Guardian
