Bugun.tv xəbər verir ki, NATO-ya məxsus döyüş təyyarələri Litvanın hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatını məhv edib.
Anadolu Agentliyinin məlumatına görə, hadisə sentyabrın 15-də gecə saatlarında baş verib. Litva Prezidenti Gitanas Nauseda bildirib ki, pilotsuz uçuş aparatı ölkənin hava məkanına daxil olduqdan sonra NATO qırıcıları tərəfindən vurulub. Prezident müttəfiq hərbçilərin operativ reaksiyasına görə təşəkkür edib və region üçün belə hazırlığın vacib olduğunu vurğulayıb.
Litvanın Milli Böhranların İdarəedilməsi Mərkəzinin ilkin məlumatına əsasən, dronun Belarus ərazisindən daxil olduğu ehtimal edilir. Aparat əvvəlcə Vilnüs və ətraf rayonlarda hava təhlükəsi ilə bağlı xəbərdarlığın verilməsinə səbəb olub, daha sonra Kaunas istiqamətində hərəkət edib və həmin bölgədə NATO təyyarələri tərəfindən məhv edilib. Dronun mənşəyinin isə hələlik dəqiq müəyyənləşdirilmədiyi bildirilir.
Hadisə NATO-nun şərq cinahında hava məkanının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Litva son dövrlərdə regiondakı müharibənin təsirləri fonunda pilotsuz uçuş aparatlarının hava məkanına mümkün keçidləri ilə bağlı daha yüksək hazırlıq vəziyyətindədir.
Mənbə: AnadoluAgentliyi
