Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentindəki korrupsiya qalmaqalı ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.
Bayramov sosial media hesabında paylaşdığı açıqlamada Prezidentin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin görüşündə Avropa Parlamentini tənqid etdiyini və qurumun keçmiş vitse-prezidenti Eva Kailinin adını çəkdiyini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında Avropa Parlamentini kəskin tənqid edərək, qurumun vitse-prezidentlərindən birinin evindən çamadanlarla nağd pul aşkarlandığını deyib. Prezidentin nəzərdə tutduğu şəxs 2022-ci ilin dekabrında korrupsiya, çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak şübhələri üzrə Belçikada həbs edilən Eva Kailidir.
Belçika hakimiyyətinin araşdırmaları çərçivəsində müxtəlif ünvanlarda aparılan axtarışlar zamanı ümumilikdə 1,5 milyon avrodan çox nağd pul müsadirə edilib. Guardian-ın məlumatına görə, Kailinin Brüsseldəki mənzilində 150 min avro, digər ünvanlarda isə daha böyük məbləğlər aşkarlanıb.
Vüqar Bayramov paylaşımında bu hadisəni Azərbaycanın Avropa Parlamentindəki bəzi yanaşmaları ilə əlaqələndirib və qurumun ölkəmizə münasibətində ikili standartların olduğunu bildirib. Deputat həmçinin keçmiş vitse-prezidentin Azərbaycana qarşı mövqeyini xatırladaraq, korrupsiya araşdırmasının bu mövzuda suallar yaratdığını qeyd edib.
Eva Kaili 13 dekabr 2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti vəzifəsindən uzaqlaşdırılıb. Parlament həmin qərarı Belçikada aparılan korrupsiya araşdırması fonunda qəbul edib.

