Azərbaycanda kredit götürən şəxslərin işsiz qalması riskindən sığortalanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi gözlənilir. Yeni qaydalara əsasən, qanunvericilikdə müəyyən edilmiş sığorta hadisələri baş verdikdə, borcalanın kredit öhdəliyi tam və ya qismən sığorta şirkəti tərəfindən qarşılana bilər.
Bugun.Tv xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
Deputat bildirib ki, Mərkəzi Bank tərəfindən kredit risklərinin sığortalanması ilə bağlı qaydalar artıq hazırlanıb və onların yaxın müddətdə tətbiqi gözlənilir. Hazırda borcalanların həyatının, ölümü və əmək qabiliyyətini itirməsi hallarından sığortalanması tətbiq olunur. Yeni mexanizm isə kredit götürən şəxslərin işsiz qalması riskini əhatə edəcək.
Vüqar Bayramovun sözlərinə görə, iş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi və məhkəmə qərarı ilə əvvəlki işçinin vəzifəsinə bərpa olunması kimi hallar sığorta hadisələri siyahısına daxil edilə bilər.
Yeni sığorta növünün yalnız qüvvədə olan əmək müqaviləsi əsasında çalışan şəxslərə şamil edilməsi nəzərdə tutulur. Bankların kredit götürənlərə bu sığorta xidmətini təklif etməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin sığortadan istifadə etməsi isə könüllü olacaq.
Sığorta kredit xərclərinə necə təsir edəcək?
Deputat qeyd edib ki, bu sığorta növü borcalan üçün əlavə xərc yaratsa da, işsiz qalma nəticəsində kredit ödənişlərini həyata keçirə bilməyən şəxslərin maliyyə yükünü azalda bilər. Sığorta hadisəsi təsdiqləndikdə kredit borcunun tam və ya müəyyən hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi mümkündür.
Vüqar Bayramovun fikrincə, yeni mexanizmin tətbiqi zamanı sığorta haqqının kreditin ümumi xərcinə təsiri də nəzərə alınmalıdır. Azərbaycan banklarında kredit faizlərinin yüksək olduğunu xatırladan deputat hesab edir ki, banklar faiz dərəcələrini müəyyən qədər azaltmaqla sığortanın yaratdığı əlavə xərci kompensasiya edə bilərlər.
O bildirib ki, Mərkəzi Bankın açıqlamalarına əsasən, kredit risklərinin sığortalanması bankların birbaşa və dolayı xərclərini azalda bilər. Bu səbəbdən sığorta ilə verilən kreditlərin faiz dərəcəsinin adi kreditlərlə müqayisədə daha aşağı olması gözlənilir.
Deputatın qənaətinə görə, belə yanaşma vətəndaşların işsiz qalma riskindən maliyyə baxımından qorunmasına, eyni zamanda bankların kredit risklərinin azalmasına imkan verə bilər.
