Bugun.tv xəbər verir ki, Argentina hökuməti Folklend adalarında fəaliyyət göstərən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
Reuters-in məlumatına görə, yeni qanun layihəsi Argentina hakimiyyətinin icazəsi olmadan Folklend adalarında, eləcə də ölkənin dəniz ərazilərində və kontinental şelfində təbii ehtiyatların istifadəsi ilə məşğul olan şirkət və şəxslərə qarşı daha sərt tədbirlər görülməsini nəzərdə tutur.
Layihə 2011-ci ildə qəbul edilmiş qanunvericiliyin yenilənməsini və sanksiyaların şirkətlərlə yanaşı onların səhmdarları və təchizatçılarına da şamil edilməsini nəzərdə tutur.
Argentina hökuməti bildirib ki, artıq adaların ətrafında dənizdə neft kəşfiyyatı ilə əlaqəli ən azı 60 şirkət və şəxsə qarşı sanksiya proseduruna başlanılıb.
Söhbət Britaniyanın nəzarətində olan, Argentinanın isə “Malvin adaları” adlandıraraq üzərində suverenlik iddiası irəli sürdüyü ərazidən gedir. İki ölkə 1982-ci ildə adalar uğrunda müharibə aparıb.
Yeni qanun layihəsinin təqdim edilməsi Buenos-Ayreslə London arasında uzun illərdir davam edən ərazi mübahisəsini və adaların ətrafındakı neft layihələrini yenidən gündəmə gətirib.
Mənbə: Reuters
