Bugun.tv xəbər verir ki, alimlər Ayda böyük və uzunmüddətli insan məskənləri yaratmaq planlarının qarşısında əsas problemlərdən birinin su çatışmazlığı ola biləcəyini bildiriblər.
Harvard və Smithsonian Astrofizika Mərkəzinin alimləri Ayın səthindəki ehtimal olunan su ehtiyatlarının böyük əhali üçün nə qədər müddət kifayət edə biləcəyini hesablayıblar. Araşdırmaya görə, Ayın səthindəki şüşə muncuqlarda milyardlarla ton su ola bilər. Lakin böyük şəhərlərin ehtiyacları nəzərə alındıqda bu ehtiyatların sürətlə tükənə biləcəyi vurğulanır.
Tədqiqatçıların hesablamasına əsasən, 1 milyon nəfərlik yaşayış məntəqəsi içməli su, gigiyena, kənd təsərrüfatı, raket yanacağı və oksigen istehsalı kimi ehtiyaclar üçün mövcud suyu 2,5 ildən az müddətdə sərf edə bilər.
Beynəlxalq Kosmik Stansiyada tətbiq olunan 98 faizlik suyun təkrar istifadəsi səviyyəsinə nail olunsa belə, həmin ehtiyatın 1 milyon nəfərlik şəhər üçün yalnız təxminən 100 il kifayət edəcəyi hesablanıb.
Alimlər 100 min nəfərlik şəhərin təxminən 1000 il, 10 min nəfərlik yaşayış məntəqəsinin isə 10 min il su təminatına malik ola biləcəyini bildirirlər.
Mütəxəssislər Ayın qütblərindəki su ehtiyatlarının elmi baxımdan da böyük əhəmiyyət daşıdığını və onların geniş şəkildə istifadəsindən əvvəl ətraflı araşdırılmasının vacibliyini vurğulayırlar.
Mənbə: Trt.haber
