Bugun.tv xəbər verir ki, ABŞ-ın Oak Ridge Milli Laboratoriyasının alimləri geniş yayılmış polietilen plastik tullantılarını maye yanacağa çevirməyə imkan verən üsul hazırlayıblar.
ScienceDaily-nin məlumatına görə, tədqiqatçılar proses zamanı alüminium xlorid tərkibli ərimiş duzlardan həm reaksiya mühiti, həm də katalizator kimi istifadə ediblər. Bu üsul uzun plastik molekullarını daha kiçik karbohidrogenlərə parçalayaraq benzin və dizelə bənzər maddələrin alınmasına imkan verir.
Təcrübələrdə benzin tipli məhsulun əldə olunma faizi təxminən 60 faiz təşkil edib. Alimlər bildirirlər ki, prosesin mühüm üstünlüklərindən biri nisbətən aşağı temperaturda həyata keçirilməsidir. Reaksiya 200 dərəcədən aşağı temperaturda, konkret təcrübələrdə isə 170 dərəcədən aşağı şəraitdə aparılıb. Ənənəvi plastikdən yanacaq əldəetmə üsullarında temperatur adətən 450–500 dərəcəyə qədər yüksəlir.
Yeni üsulda qiymətli metallar əsasında katalizator, üzvi həlledici və xaricdən hidrogen verilməsi tələb olunmur. Tədqiqatçılar bunun gələcəkdə plastik tullantıların emalını sadələşdirə biləcəyini bildirirlər.
Nəticələr Journal of the American Chemical Society jurnalında dərc olunub.
Mənbə: ScienceDaily
