Bugun.tv xəbər verir ki, Amerika Hematologiya Cəmiyyəti (ASH) dəmir çatışmazlığının daha erkən və dəqiq müəyyənləşdirilməsi üçün qanda ferritin göstəricisinin qiymətləndirilməsində yeni hədlər müəyyənləşdirib.
HCPLive-ın məlumatına görə, yeni klinik təlimatlar müxtəlif yaş və risk qrupları üçün əvvəlkindən daha yüksək ferritin hədlərinin tətbiqini nəzərdə tutur. Məqsəd dəmir çatışmazlığının qanazlığı yaranmadan əvvəl də müəyyən edilməsinə imkan yaratmaqdır.
Yeni tövsiyələrə əsasən, 9 aylıqdan 4 yaşadək uşaqlarda ferritin göstəricisi 20 ng/ml və ya daha aşağı, böyüklərdə, eləcə də menstruasiya və hamiləlik dövründə olan şəxslərdə 30 ng/ml və ya daha aşağı olduqda dəmir çatışmazlığından şübhələnmək tövsiyə edilir.
Ağır menstruasiya qanaxması olanlar və qanazlığı müşahidə edilən hamilə qadınlar üçün hədd 50 ng/ml və ya daha aşağı müəyyənləşdirilib. İltihabi xəstəlikləri olan böyüklərdə isə ferritinin 100 ng/ml-dən aşağı olması və ya transferrin doyma göstəricisinin 20 faizdən aşağı düşməsi nəzərə alınmalıdır.
Mütəxəssislər bildirirlər ki, yeni hədlər dəmir çatışmazlığı olan insanların daha erkən müəyyənləşdirilməsinə kömək edə bilər. Müalicə ilə bağlı ayrıca təlimatların 2027-ci ildə yayımlanması gözlənilir.
Mənbə: WorldNews
