Bugun.tv xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırma autizmli uşaqlara öyrədilən “reportyor oyunu” adlı yanaşmanın xoşagəlməz hisslər zamanı beyinin müəyyən nahiyələrindəki fəaliyyəti dəyişə bildiyini göstərib.
Medical Xpress yazır ki, UCLA alimlərinin araşdırmasında 8–15 yaş arasında 46 autizmli və 45 autizmli olmayan uşaq iştirak edib. Onların qollarına süni ot və cod yun kimi xoşagəlməz toxumalar toxundurulub və uşaqlar MRT müayinəsindən keçirilib.
Tədqiqat iştirakçılarına “reportyor oyunu” zamanı hissiyyata emosional qiymət vermək əvəzinə, baş verənləri mümkün qədər obyektiv təsvir etmək öyrədilib. Autizmli uşaqlar bu üsuldan istifadə etdikdə beynin hissiyyatı emal edən nahiyələrində aktivliyin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub.
Bununla yanaşı, uşaqların özlərinin həmin toxumanı əvvəlkindən daha az xoşagəlməz hesab edib-etmədikləri barədə nəticə eyni olmayıb. Tədqiqatçılar bildirirlər ki, bir dəfə aparılan MRT müayinəsi bu üsulun gündəlik həyatda uzunmüddətli faydasını müəyyənləşdirməyə imkan vermir.
Mənbə: MedicalXpress
