Bugun.tv xəbər verir ki, alimlər astronavtların kosmosda tez-tez yaşadığı qəbizlik probleminin mümkün səbəbini müəyyən ediblər.
ScienceDaily yazır ki, Kopenhagen Universitetinin NASA ilə əməkdaşlıq çərçivəsində apardığı yeni araşdırmada Beynəlxalq Kosmik Stansiyada aylarla qalan 52 astronavtın qan nümunələri təhlil edilib. Nəticələr göstərib ki, astronavtların həzm sistemində dəyişikliklər Yer kürəsindən ayrıldıqdan cəmi bir neçə həftə sonra başlaya bilər.
Alimlərin fikrincə, mikroqravitasiya qidanın həzm sistemindən keçməsini ləngidə bilər. Qida bağırsaqlarda daha uzun müddət qaldıqda isə bağırsaq bakteriyaları lif əvəzinə zülalı daha çox parçalamağa başlayır. Bu prosesin artması qəbizliklə əlaqəli ola bilər.
Tədqiqatın müəllifləri bildirirlər ki, nəticələr yalnız astronavtların sağlamlığı baxımından deyil, gələcək uzunmüddətli kosmik uçuşlar üçün də əhəmiyyətlidir. Xüsusilə Aya və Marsa planlaşdırılan missiyalarda bağırsaq fəaliyyətinin qorunması üçün əlavə tədbirlərə ehtiyac yarana bilər.
Alimlər daha çox lif qəbulunun, prebiyotiklərin və bağırsaq hərəkətini sürətləndirən digər yanaşmaların gələcəkdə mümkün həll yolları arasında ola biləcəyini qeyd edirlər.
Mənbə: ScienceDaily
