Bugun.tv xəbər verir ki, Türkiyənin Manisa bölgəsində yerləşən Sardes Antik Şəhəri və Bintepe Lidiya kurqanlarının qorunması üçün havadan müşahidə və təhlükəsizlik mərkəzi fəaliyyətə başlayıb.
Habertürk-ün məlumatına görə, Bintepeler təxminən 75 kvadratkilometr ərazini əhatə edir və burada 120-dən çox monumental məzar yerləşir. Bölgədə Lidiya kralı Alyattesin məzarı da var.
Yeni mərkəz uzun məsafədən müşahidə və gecəgörmə imkanına malik iki pilotsuz uçuş aparatı sistemi ilə təchiz olunub. Ərazidə üç anten sistemi, mərkəzi müşahidə avadanlıqları, böyük ekranlar və təhlükəsizlik kameraları da quraşdırılıb.
Sistem vasitəsilə şübhəli hərəkətlər və qanunsuz qazıntı cəhdləri aşkar edilərsə, məlumatın dərhal jandarma bölmələrinə ötürülməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, Bintepelerin böyük ərazini əhatə etməsi səbəbindən ənənəvi üsullarla fasiləsiz müşahidə aparmaq çətindir. Bu səbəbdən yeni texnologiyalardan istifadə edilir.
Sardes Antik Şəhəri və Bintepe Lidiya Tümülüsleri 2025-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Mənbə: HaberTürk
