Bugun.tv xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçi və onun BMT Baş Assambleyasındakı nümayəndə heyətinin Nyu-Yorkdan planlaşdırılandan əvvəl ayrılmasını istəyib.
Associated Press-in (AP) məlumatına görə, Əraqçi ABŞ-la İran arasında Hörmüz boğazının açılması, münaqişənin dayandırılması və İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak etmək üçün Nyu-Yorkda qalıb. Lakin həftəsonu Qətərin vasitəçiliyi ilə keçirilən görüşlərdə ciddi irəliləyiş əldə olunmayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, bundan sonra Rubio İran nümayəndə heyətinin Nyu-Yorkdan dərhal ayrılmasını tələb edib. ABŞ tərəfinin bildirdiyinə əsasən, Əraqçi və nümayəndə heyəti diplomatik səfərin planlaşdırılan vaxtından daha tez ölkəni tərk edib.
İran nümayəndə heyəti isə bu məlumatı təkzib edib. İran tərəfi bildirib ki, Nyu-Yorkdan ayrılma əvvəlcədən planlaşdırılıb və bu barədə ABŞ Dövlət Departamentinə sentyabrın 17-də məlumat verilib.
Hadisə ABŞ və İran arasında diplomatik təmasların nəticəsiz qalması fonunda baş verib.
Mənbə: Associated Press
