Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna müharibəsinin gedişini və mümkün həll yollarını sosial şəbəkə hesabında şərh edib.

Ekspertin fikrincə, Rusiyanın Ukraynanın enerji infrastrukturu, körpüləri və digər mülki obyektlərinə zərbələr endirməsi onun cəbhədə ciddi irəliləyiş əldə edə bilməməsi ilə bağlıdır.

Əsədullazadə hesab edir ki, Rusiya Donbasın inzibati sərhədlərinə çıxmaqda çətinlik çəkir və buna görə də Ukraynanın daxili vəziyyətinə təsir göstərməyə çalışır. Onun sözlərinə görə, enerji və mülki infrastruktura zərbələrlə ölkədə sosial narazılıq və etirazlara səbəb ola biləcək vəziyyət yaratmaq hədəflənir.

“Ukrayna üçün əsas qırmızı xətlərdən biri ərazi güzəştləridir”

Siyasi ekspert bildirib ki, Rusiyanın hücumları Ukraynanı müəyyən mənada çətin vəziyyətə salır. O, Ukrayna parlamentində bəzi deputatların Rusiya ilə razılaşma barədə açıqlamalar verməsini də bunun göstəricilərindən biri kimi qiymətləndirib.

Lakin Əsədullazadənin fikrincə, nə Ukrayna hökuməti, nə də siyasi müxalifət Rusiyanın ərazi güzəştləri qarşılığında irəli sürdüyü şərtləri qəbul etməyə hazır görünür.

Ekspert bunu Ukraynanın əsas qırmızı xətlərindən biri hesab edir və bildirib ki, Kiyevin Rusiyaya ciddi güzəştlərə getməsi ölkənin dövlətçiliyinin zəifləməsi ilə nəticələnə bilər.

“Moskvanın məqsədi yalnız ərazi işğalı deyil”

Əsədullazadənin sözlərinə görə, Vladimir Putinin məqsədi yalnız Ukraynanın müəyyən ərazilərini ələ keçirməkdən ibarət deyil.

“Rusiya Ukraynanın Rusiyanın təsir dairəsində olmasını və ölkədə Rusiyaya yaxın siyasi hakimiyyətin formalaşmasını istəyir”, – deyə ekspert qeyd edib.

Onun fikrincə, Donbasın işğalı Moskvanın strategiyasının yalnız bir hissəsidir. Rusiya daha geniş şəkildə Ukraynanın siyasi və təhlükəsizlik baxımından öz təsir dairəsində qalmasına çalışır.

Ekspert hesab edir ki, Rusiyanın ABŞ tərəfindən irəli sürülən bəzi təklifləri qəbul etməməsi də Moskvanın məqsədinin sadəcə neytral Ukrayna yaratmaq olmadığını göstərir.

Avropa Ukraynaya dəstəyi davam etdirir

Məhəmməd Əsədullazadə qeyd edib ki, xüsusilə Almaniya, Böyük Britaniya və Fransa Ukraynaya dəstəyini davam etdirir.

Onun fikrincə, Avropa ölkələrinin mövqeyi Ukraynanın hərbi və siyasi baxımdan müqavimət göstərməsinə imkan yaradır.

Ekspert eyni zamanda bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumlarla tam qələbə qazanmaq imkanları əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşıb.

“Müharibənin həlli diplomatik kompromis yolu ilə mümkündür”

Əsədullazadə hesab edir ki, mövcud mərhələdə Rusiya-Ukrayna müharibəsinin hərbi yolla həlli mümkün deyil.

“Nə Ukrayna Rusiyanı hərbi yolla məğlub edə bilir, nə də Rusiyanın Ukrayna üzərində tam qələbə qazanmaq imkanları real görünür”, – deyə siyasi ekspert bildirib.

Onun fikrincə, müharibənin həlli yalnız diplomatik kompromis yolu ilə mümkündür. Əsədullazadə hesab edir ki, Vladimir Putin mövcud reallıqları qəbul etməli, qoşunların dayandığı xətt üzrə atəşkəsə razılaşmalı və danışıqlar prosesinə qayıtmalıdır.

Ekspertin qənaətinə görə, qarşılıqlı zərbələrin davam etməsi həm Rusiya, həm də Ukrayna üçün ciddi siyasi, iqtisadi və humanitar nəticələr yaradır və münaqişənin daha da uzanmasına səbəb ola bilər.

Putinın nüvə silahı açıqlamaları

Məhəmməd Əsədullazadə Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı son açıqlamalarına da münasibət bildirib.

Ekspert hesab edir ki, Moskvanın nüvə ritorikası daha çox Qərbə qarşı siyasi və psixoloji təzyiq vasitəsidir. Onun sözlərinə görə, Rusiya bununla Qərbin Ukraynaya hərbi və siyasi dəstəyini məhdudlaşdırmağa və danışıqlar prosesində öz mövqeyini gücləndirməyə çalışır.

Aynur Camal

Oxşar xəbərlər

Antalya 77-ci Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

Aynur Camal

Bakıda “Disko Rəqqası” filmi nümayiş olunacaq

Aynur Camal

BMT Sudanla bağlı təcili atəşkəs çağırışı etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu