Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanla Türkmənistan arasında ticarət əlaqələrinə dair paylaşım edib.
Deputat öz sosial media hesabında bildirib ki, Azərbaycan 2025-ci ildə Türkmənistanla 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. Həmin il iki ölkə arasında ticarət dövriyyəsi 208,39 milyon dollar təşkil edib. Türkmənistandan idxal 144,54 milyon dollar, bu ölkəyə ixrac isə 63,85 milyon dollar olub.
Türkmənistandan əsasən enerji məhsulları idxal edilir
Vüqar Bayramovun paylaşımında qeyd olunur ki, idxalın strukturunda enerji məhsulları üstünlük təşkil edir. Ötən il Türkmənistandan 36,4 milyon dollarlıq təbii qaz, 12,5 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollarlıq ağır distilyatlar və qazoyllar, 7,4 milyon dollarlıq maye yanacaq gətirilib.
Bundan əlavə, Azərbaycana 2,3 milyon dollarlıq azot gübrələri və 1,4 milyon dollarlıq sürtkü yağları idxal olunub.
İxracda şəkər və metal məhsulları seçilir
Deputatın sözlərinə görə, Azərbaycandan Türkmənistana 22,4 milyon dollarlıq ağ şəkər və saxaroza, 7,8 milyon dollarlıq dəmir və aşqarlanmamış poladdan hazırlanmış məhsullar, 3,9 milyon dollarlıq pambıq lifi, 1,8 milyon dollarlıq qara metal konstruksiyaları, eləcə də 931 min dollarlıq kərə yağı ixrac edilib.
Vüqar Bayramov eyni zamanda vurğulayıb ki, əsas prioritetlərdən biri Türkmənistanla ticarət dövriyyəsini artırmaq və qeyri-neft-qaz məhsulları üzrə əməkdaşlığı genişləndirməkdir.
