Bugun.tv xəbər verir ki, Rusiyanın “Yandex” şirkətinin bəzi xidmətlərində yaranan fasilələr fonunda internet dələduzlarının fəallaşdığı bildirilir.
“Mail.ru” saytının oktyabrın 13-də yaydığı məlumata görə, şirkətin məlumat mərkəzlərinə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ziyan dəyib və bəzi xidmətlərin fəaliyyətində problemlər yaranıb. Mövcud vəziyyətdən istifadə edən dələduzlar isə istifadəçilərin hesab məlumatlarını və maliyyə məlumatlarını ələ keçirməyə çalışırlar.
İstifadəçilərə xəbərdarlıq edilib
“Yandex Cloud” platforması xidmətlərin bərpası və hesabların yenidən aktivləşdirilməsi adı altında göndərilən şübhəli mesajlara qarşı diqqətli olmağa çağırıb.
Dələduzlar istifadəçilərə hesablarının bloklandığını, məlumatların zədələndiyini və ya kompensasiya almaq üçün məlumatlarını təqdim etməli olduqlarını bildirə bilərlər.
Şirkətin xəbərdarlığına əsasən, istifadəçilər elektron poçt vasitəsilə göndərilən keçidlərin ünvanını yoxlamalı, şifrələrini və bank kartı məlumatlarını naməlum şəxslərlə bölüşməməlidirlər.
Hesab məlumatlarının oğurlandığından şübhələnən şəxslərə şifrələrini dəyişmək, aktiv girişləri yoxlamaq və xidmətin rəsmi dəstək bölməsinə müraciət etmək tövsiyə olunur.
Mənbə: Mail.ru
