Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2024-cü ilin dekabrından bəri 1,82 milyondan çox suriyalı qaçqın ölkəsinə qayıdıb. Bununla yanaşı, ölkə daxilində didərgin düşmüş 2,04 milyondan çox insanın da öz əvvəlki yaşayış ərazilərinə qayıtdığı bildirilir.
“Ensonhaber” nəşrinin oktyabrın 13-də yaydığı xəbərə əsasən, bu rəqəmlər BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş iclasında açıqlanıb.
Qayıdan ailələrin yardıma ehtiyacı qalır
BMT rəsmisi Məhəmməd Yəhya Suriyada insanların həyatlarını yenidən qurmaq imkanına inamının artdığını bildirib. Bununla belə, ölkəsinə qayıdan ailələrin bir hissəsinin hələ də humanitar yardıma ehtiyacı olduğu vurğulanıb.
BMT-nin məlumatına əsasən, Suriyada 5,5 milyondan çox insan ölkə daxilində didərgin vəziyyətdə qalır. Onlardan 770 mindən çoxu düşərgələrdə yaşayır və bu insanların təxminən dörddə üçünü qadınlar və uşaqlar təşkil edir.
Məlumatda qeyd olunur ki, insanların geri qayıtması münaqişənin nəticələrinin aradan qalxdığı anlamına gəlmir. Yaşayış şəraitinin bərpası, əsas xidmətlərə çıxışın təmin edilməsi və humanitar ehtiyacların qarşılanması ölkənin qarşısında duran əsas məsələlər olaraq qalır.
Mənbə: Ensonhaber
